MÜSAHİBƏ | `Qarabağ bu cür klublarla oynayacaq səviyyədə deyil` - EKSKLÜZİV

MÜSAHİBƏ | `Qarabağ bu cür klublarla oynayacaq səviyyədə deyil` - EKSKLÜZİV
  23 Avqust 2013    Oxunub:1414
Dünən UEFA Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Ayntraxt”(Frankfurt) komandasına 0:2 hesabı ilə məğlub olan “Qarabağ”ın sərgilədiyi performansın müzakirə obyektinə çevrildiyi bir vaxtda komandanın sabiq çalışdırıcısı Mehmet Akla əlaqə saxlamağı lazım bildik.Türkiyəli mütəxəsisslə söhbətimiz zamanı həm dünənki qarşılaşma barədə danışdıq, həm də komanda ilə bağlı digər maraqlı məqamlara aydınlıq gətirdik.

- “Qarabağ”ın “Ayntraxt”la matçını izlədinizmi?
- “Qarabağ”ın dünənki qarşılaşmasını internet vasitəsi ilə izləyə bildim.

- Sabiq klubunuzun evdə “Ayntraxt”a yenilməsi sizin üçün gözlənilməz olmadı?
- Düzü, bu nəticə mənim üçün sürpriz olmadı. Çünki “Qarabağ” hələ ki, bu tip komandalarla oynayacaq səviyyədə deyil.

- Sizcə, qələbə üçün “Qarabağ”da nə çatmırdı?
- Yuxarıda da dediyim kimi, Ağdam təmsilçisi hələ ki, Avropanın aparıcı futbol ölkələrinin təmsilçiləri ilə eyni səviyyədə çıxış edəcək gücdə deyil. Başqa sözlə, “Qarabağ”da ustalıq səviyyəsi çatmırdı.

- Necə düşünürsünüz, rəqib erkən qol vurmasaydı, nəticə fərqli ola bilərdimi?
- Bəlkə də “Qarabağ” matçın əvvəlində qapısında qol görməsəydi, onda bərabər səviyyəli oyun olacağını gözləmək olardı. “Qarabağ”ın 6-cı dəqiqədə hesabda geriyə düşməsi komandada ruh düşgünlüyü yaratdı ki, bu da nəticəyə təsirsiz ötüşmədi.

- Sizcə, Reynaldo Silvanın meydanda olmaması və Riçard Almeydanın zəif çıxış etməsi nəticəyə nə qədər təsir etdi?
- Oyun göstərdi ki, Almeyda qənaətbəş çıxış etsəydi də, Reynaldo Silva meydanda olsaydı da, nəticə dəyişməzdi. Ənn azı mən belə düşünürəm.


- Fərdi mübarizələrdə "Qarabağ"ın futbolçuları rəqibdən aşkar geri qalırdı. Bu, fiziki hazırlığın aşağı olmağı, yoxsa təcrübəsizliklə bağlıdır?
- Bunu həm fiziki hazırlığın qaydasında olmaması ilə, həm də təcrübəsizliklə əlaqələndirmək olar. Rəqibin hər iki cəhətdən “Qarabağ”dan üstün olması sözünü dedi.

- Yeri gəlmişkən, siz “Qarabağ”ın fiziki hazırlıq üzrə koordinatoru idiniz. Sizcə, sizin komandada olduğunuz dönəmdəki komanda daha güclü idi, yoxsa indiki?
- Məncə, ovaxtkı komanda ilə indiki kollektivi müqayisə etmək düzgün olmazdı. İndi komandnın büdcəsi daha artıqdı və legioner futbolçular çoxluq təşkil edir. Mənim çalışdığım dövrdə isə komanda böyük ölçüdə yerli və yaşlı futbolçulardan ibarət idi. Amma sanki o zaman daha çox əzmkarlıq var idi.

- Necə düşünürsünüz, “Qarabağ” ikinci qarşılaşmada nəyə ümid etməlidir?
- Fikirimcə, artıq “Qarabağ”ın “Ayntraxt”ı mübarizədən kənarlaşdırması olduqca qeyri-real görünür. Bəlkə də Bakıdakı oyunda məğlubiyyət minimal hesablı olsaydı, ikinci oyun ərəfəsində nəyəsə ümid etmək olardı. Amma indiki halda çox çətindir.
Məncə, Frankfurtdakı qarşılaşmada mümkün qədər ehtiyatlı və yaxşı futbol oynamğa çalışmaq lazımdır. Bu yolla Almaniyada böyük hesablı məğlubiyyətin qarşısını almaq olar.

- Yeri gəlmişkən, siz Bakının “Neftçi” komandasının sabiq məşqçisisiniz. Maraqlıdır, flaqmanın Çempionlar Liqasında məlum uğursuzluğunu nə ilə əlaqələndirirsiniz?
- Məncə, “Neftçi”nin Çempionlar Liqasında mübarizəni erkən dayandırmasını müəyyən mənada şanssızlıqla əlaqələndirmək olar. Amma həmin qarşılaşmalarda Albaniya təmsilçisinin bakılılardan üstün olduğu da unudulmamalıdır. Bəlkə də “Skenderbeu”nun mərhələ adlamasını ədalətin təntənəsi də adlandırmaq olar.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti